Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hələ də zəruridir.
Doğru.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara ünvanladığı müraciətdə qeyd olunub.
Bildirilib ki, bu məqsədlə may ayının 12-dən 19-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şüarı altında Hərəkətin Təhlükəsizliyi Həftəsi keçiriləcək.
Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi ilə yanaşı, əhali arasında təbliğat və maarifləndirmə işlərinin də genişləndirilməsi nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadaları diqqətli olmağa çağırır və ictimai təsisatları, xüsusilə media subyektlərini bu tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edir.
DOĞRU.AZ