Almaniya Xarici İşlər Nazirliyi Çin ordusunu Avropa İttifaqının ASPIDES əməliyyatı zamanı Qırmızı dəniz üzərində alman hərbi təyyarəsini lazerlə hədəfə almaqda ittiham edib.
Doğru.az xəbər verir ki, nazirlik bu barədə sosial şəbəkədə paylaşım edərək insidenti “qəbuledilməz” adlandırıb. Bildirilib ki, bu hərəkət həm alman şəxsi heyəti üçün təhlükə yaradıb, həm də beynəlxalq əməliyyatın gedişatına ciddi maneə törədib.
Almaniya tərəfi insidentlə bağlı Çinin Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq izahat tələb edib.
Qeyd edək ki, Avropa İttifaqının ASPIDES əməliyyatı Qırmızı dənizdə dəniz təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu fonda Çin ordusunun hərəkətləri regionda gərginliyi artıran addım kimi qiymətləndirilir.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas may ayında Rusiya ilə Çin arasında artan yaxınlaşma barədə narahatlığını ifadə etmişdi. Bu kimi insidentlər Avropa-Çin münasibətlərinə əlavə gərginlik gətirə bilər.
DOĞRU.AZ