Baş prokuror Kamran Əliyevin dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş katibi Roel Dona və icraçı direktoru Yanne Holst Hübner ölkəmizə işgüzar səfərə gəlib.
Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, görüşdə Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar barədə onları məlumatlandırıb. O, Roel Donanı BPA-nın Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra 2024-cü ilin sentyabr ayında ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfransına və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.
Baş prokuror, həmçinin bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 barədə məlumat verərək BPA-nın Bakıda keçiriləcək 29-cu İllik Konfransı zamanı dünya prokurorları arasında hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyini vurğulayıb.
Təşkilatın Baş katibi prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, milli prokurorluq orqanlarımızın rəhbərliyi tərəfindən Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkür edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
DOĞRU.AZ