QƏHRƏMANLARIMIZI TANIYAQ!
Prezident İlham Əliyevin müəyyən etdiyi yol xəritəsi və ənənəmizə müvafiq olaraq, bu gün qəhrəman qazilərimiz – Biləsuvar rayon sakini, Nicat Əlizadə və Əsgərabaddan Şəmsi Kazımlı ilə danışmaq, səhhətlərini soruşmaq, onlardakı ruh yüksəkliyinə şəxsən şahidlik etmək şansım oldu.
Digər qəhrəmanımız Səmədabaddan olan Rüfət Məmmədlinin özü ilə əlaqə yarada bilməsəm də atası Yaşar Məmmədovla əlaqə saxlayaraq qazimizin vəziyyəti ilə maraqlandım.
Şükr ki, hər 3 igidin vəziyyəti yaxşıdır və inşallah daha da yaxşı olacaq.
Allah bütün yaralılarımıza şəfa versin!
Bu gün, həmçinin, Ağalıkənddən olan və eyni vaxtda iki oğlunu cəbhəyə yola salmış Məzahir Əliyevə də zəng etməyi, onun kimi vətəndaşla qürur duyduğumuzu deməyi özümə borc bildim. Nəzərinizə çatdırım ki, onun hər iki oğlu – Zahid və Vahid bu gün də ön xəttədir və şərəflə vətənə xidmətlərini davam edirlər.
Bu gün həmçinin Biləsuvarın digər fəxri, könüllü olaraq Vətən Müharibəsində Füzulidən Hadruta, Daşaltıya qədər şərəfli yol keçən, Şuşaya ilk qədəm basanlardan biri kimi orada ilk tibb məntəqəsini quran, qəhrəman həkimimiz Kişiyev Əli Tacəddin oğlu ilə də telefonla danışa bildik. Əli həkim doğma Şuşamızdan hamınıza salamlarını çatdırdı.
Allah sizləri qorusun!


























