İnternet dələduzları yeni üsullarla insanların bank kartlarını ələ keçirməyə çalışır. Bəzən bank əməkdaşı, bəzən ailə dostu, bəzən də alıcı kimi təqdim olunaraq insanları aldatmağa cəhd göstərirlər. Məqsəd isə birdir: bank kartı məlumatlarını əldə edib, vətəndaşın hesabındakı vəsaitləri mənimsəmək.
Bu barədə Doğru.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli, xəbərdarlıq edib ki, belə hallara qarşı diqqətli olmaq hər bir vətəndaşın məsuliyyətidir.
Fırıldaqçıların əsas üsulları
“Kartınıza müdaxilə olub” bəhanəsi ilə zəng edirlər.
“Ailə üzvünüz xəstədir, təcili pul lazımdır” deyirlər.
“Elanıza görə beh göndərmək istəyirik” adıyla kart məlumatlarını istəyirlər.
Bank və ya dövlət qurumlarının adından gələn saxta SMS və linklər göndərirlər.
Bütün bu hallarda məqsəd sizdən kart məlumatlarını, xüsusən CVV/CVC kodunu, PIN və OTP parollarını almaqdır.
DİN: Maarifləndirmə tədbirləri davam edir
Lumu İsrəfilli bildirib ki, ölkənin şəhər və rayonlarında kiberdələduzluğa qarşı maarifləndirmə tədbirləri aparılır. Polis əməkdaşları əhali ilə görüşlər keçirir, bankomatlar və ictimai yerlərdə xəbərdaredici lövhələr yerləşdirilir, sosial şəbəkələrdə isə mütəmadi maarifləndirici məlumatlar paylaşılır.
Vətəndaşlar bilməlidir:
Heç bir bank əməkdaşı sizə zəng edərək kartın PIN, CVV, OTP və ya tam nömrəsini istəmir!
Rəsmi qurumlar heç vaxt SMS və ya link vasitəsilə şəxsi məlumat tələb etməz.
Əgər qarşı tərəf bankdan olduğunu iddia edirsə, yalnız kartın ilk və ya son 4 rəqəmi, qeydiyyat nömrəniz və FİN kodunuz istənilə bilər – vəssalam.
Nə etməli?
Naməlum nömrələrdən gələn zəng və mesajlara heç vaxt etibar etməyin.
Cəlbedici, lakin real görünməyən təkliflərə qarşı şübhə ilə yanaşın.
Şəxsi və bank məlumatlarınızı qətiyyən paylaşmayın.
Əgər şübhəli vəziyyətlə rastlaşırsınızsa, dərhal polisə məlumat verin.
Unutmayın:
Bank kartınızın təhlükəsizliyi sizin diqqətinizdən asılıdır. Özünüzü və yaxınlarınızı qorumaq üçün maarifli olun, şübhəli heç bir zəngə, mesaja və ya internet keçidinə aldanmayın.
Doğru.az olaraq oxucularımıza bir daha çağırış edirik: Diqqətli olun, aldadılmayın!