Mayın 17-si və 18-də bir sıra vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla ümumilikdə 16 min manata yaxın pul vəsaiti oğurlanıb.
Bu barədə Doğru.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zərərçəkmişlərin kart hesablarından ayrı-ayrılıqda 9800, 1586, 1012, 999, 850, 790, 210, 200, 170, 73, 40 və 40 manat vəsait çıxarılıb.
Nazirlik vətəndaşlara xəbərdarlıq edərək vurğulayıb:
“Bank kartının üzərindəki CVV/CVC kodları, eləcə də SMS-lə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verilməsi hesabınızdakı vəsaitlərin, hətta mövcud deyilsə belə, kredit formasında sizin adınıza borcların çəkilməsinə səbəb ola bilər.”
Qurum vətəndaşları şübhəli zənglərə və mesajlara qarşı ayıq olmağa çağırıb:
“Cəlbedici qazanc vəd edən zənglərə, sığorta, viza, bank hesablarının yenilənməsi və ya ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olun. Naməlum şəxslərlə əlaqə qurmaqdan çəkinin, belə zəng və mesajlar dərhal bloklanmalıdır.”
DOĞRU.AZ