Daxili İşlər Nazirliyinin Polis Akademiyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünkü qələbələrimizin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıb.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov qeyd edib ki, Azərbaycanın suveren, müstəqil ölkə kimi formalaşmasının özülləri hələ Ümummilli Lider Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza rəhbərliyi dövründə atılıb. Bildirib ki, məhz onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin təməli qoyulub, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlayıb, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb. Qeyd olunub ki, məhz Ümummilli Liderin rəhbərliyi ilə hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilib, azərbaycanlıların dövlət vəzifələrinə irəli çəkilməsi daim diqqət mərkəzində saxlanılıb.
Ümummilli Lider Heydər Əliyevin həyatının çoxşaxəli fəaliyyəti istiqamətlərindən ətraflı bəhs edən İ.Zeylanov bildirib ki, ömrünü ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən Ulu Öndər dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq, hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıb.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
DOĞRU.AZ