Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır. Belə ki, iyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 20 min, 9 min 500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb.
Nazirliyin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və birdəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.
“DİN vətəndaşları bir daha xəbərdar edir ki, naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun. SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın. Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.
DOĞRU.AZ