Xəzər dənizi sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzi növbəti dəfə musiqi aləminin tanınmış simalarını bir araya gətirdi. Azərbaycan və xarici ölkələrin məşhur ifaçılarının səhnə aldığı “Dream FEST – 2025” Beynəlxalq Musiqi Festivalı möhtəşəm atmosferi ilə diqqət çəkir.
Doğru.az xəbər verir ki, tədbirdən öncə iştirakçılar və qonaqlar qırmızı xalça üzərindən keçib. Bu anlar festivalın zəngin proqramına parlaq başlanğıc verib.
Gecənin musiqili hissəsi Yohan Benyaminovun “Bakı” adlı mahnısı ilə başlayıb. Ardınca Alessandro Safina, Emin Ağalarov, Anar Ağayev, Roza Zərgərli, Merab Amzoevi, Brendon Stoun, “Blue” qrupu, Tünzalə Ağayeva, Nigar Camal, Nəsibə Abdullayeva, Elçin Əzizov, Nani Breqvadze və Fərrux Zakirov kimi sənətçilər səhnəyə çıxıblar.
24 iyul tarixli proqram isə görkəmli sənətkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunub. Onun sevilən əsərləri solo və duet formatında səsləndirilib.
Gecənin yadda qalan məqamlarından biri Emin Ağalarov, Alessandro Safina və Elçin Əzizovun birgə ifa etdiyi “Mavi əbədilik” mahnısı olub. Bu emosional çıxış Xəzər sahilində atəşfəşanlıqla tamamlanıb.
Konsert zamanı Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş xüsusi videoçarx da nümayiş etdirilib.
Festival iyulun 25-də də davam edəcək. Həmin gün retro musiqi sevənlər üçün 1980–1990-cı illərin disko-ruhunda xüsusi proqram təqdim olunacaq.
Tamaşaçıların rahatlığı üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Koroğlu” metro stansiyasından festival məkanına saat 16:00-dan 20:00-dək xüsusi avtobuslar təşkil olunub.
DOĞRU.AZ