Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Doğru.az xəbər verir ki, idarənin yaydığı müraciətdə bildirilir: “Hazırda ölkədə yağışlı və dumanlı hava şəraiti hökm sürür ki, bu da gecə və səhər saatlarında yolların görünüş məsafəsini azaldaraq qəza riskini artırır”.
Qurum həftəsonu respublika əhəmiyyətli yolların daha intensiv istifadə ediləcəyini nəzərə alaraq, şəxsi avtomobillə və ya sərnişin/yük daşıması ilə məşğul olan sürücülərə aşağıdakı tövsiyələrlə müraciət edib:
Yola çıxarkən hava şəraitini nəzərə alın,
Günün işıqlı saatlarında hərəkət etməyə üstünlük verin,
Sürət həddini aşmayın, təhlükəsizlik qaydalarına ciddi əməl edin,
Nasaz avtomobillərlə yola çıxmaqdan çəkinin,
Ötmə və manevr zamanı ehtiyatlı olun.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri həm öz təhlükəsizliklərini, həm də digər yol hərəkəti iştirakçılarının həyatını qorumağa çağırır.
DOĞRU.AZ