Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrinədək olan hissəsi üzrə əsaslı təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir, yolun eni 12 metrə qədər genişləndirilir. Artıq sözügedən hissə üzrə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb. Texnoloji ardıcıllığa uyğun yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün alt layının döşənməsi işləri yerinə yetirilir.
Görülən işlərə paralel olaraq, yolboyu küvet və suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunur, artıq 43 suötürücü borunun tikintisi yekunlaşıb.
Layihə üzrə Astaraçay (243 km) və Ərçivançay (234,8 km) çayları üzərindəki körpülərdə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Pensərçay (221,3 km) və Ərçivançay (231,7 km) çayları üzərində mövcud körpülərin təmiri isə davam etdirilir.
DOĞRU.AZ