Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə türk dünyasının sevilən sənətçilərindən biri, tanınmış müğənni Ferhad Göçer Heydər Əliyev Sarayında unudulmaz konsert proqramı ilə çıxış edib.
Doğru.az xəbər verir ki, möhtəşəm gecə boyunca tamaşaçılara duyğulu musiqi ziyafəti yaşadan Göçer, ən sevilən və dillərə düşən hitlərini canlı şəkildə səsləndirib. Müğənni səhnəyə çıxdığı andan etibarən tamaşaçılarla səmimi ünsiyyət quraraq həm klassik repertuarından, həm də yeni layihələrindən ifalar təqdim edib.
Ferhad Göçer çıxışı zamanı Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib:
“Bakıda olmaq, bu gözəl səhnədə sizlər üçün oxumaq mənim üçün böyük şərəfdir. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir – bunu hər səfərimdə daha da dərindən hiss edirəm.”
Gecənin sürprizi isə “Çırpınırdı Qaradəniz” mahnısının səsləndirilməsi olub. Türk dünyasının azadlıq və birlik rəmzi olan bu əsəri Göçerin özünəməxsus tərzdə təqdim etməsi zalda duyğusal anlar yaşadıb. Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran sənətçini tamaşaçılar ayaq üstə alqışlayaraq ona sevgilərini və hörmətlərini ifadə ediblər.
Sözügedən ifa 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilib.
Gecənin sonunda Ferhad Göçer tamaşaçıların istəyi ilə ikinci dəfə səhnəyə çıxaraq konserti gür alqışlarla yekunlaşdırıb.
DOĞRU.AZ