“Apple” şirkətinin 2027-ci ildə satışa çıxarılması gözlənilən, “iPhone”un 20 illik yubileyinə həsr olunacaq xüsusi modeli ilə bağlı yeni iddialar ortaya çıxıb.
Sfera.az xəbər verir ki, Çin mənbələrinin yaydığı məlumata görə, texnologiya bu cihazda çərçivələri tamamilə yox edən radikal yeni ekran dizaynı üzərində işləyir. Məlumata əsasən, “Apple” yeni modeldə cihazın dörd tərəfini əhatə edən və bərabər dərinlikdə dörd əyri kənara sahib ekran panelindən istifadə etməyi planlaşdırır. Yeni ekran texnologiyası hazırda bəzi “Android” telefonlarında istifadə olunan klassik əyri ekranlardan fərqlənəcək.
Burada optik sınma və işığın istiqamətləndirilməsi üsulları vasitəsilə çərçivələr demək olar ki, görünməz hala gətiriləcək. “Ice Universe” bildirir ki, bu texnologiya telefona kənardan baxıldıqda belə təbii və pozulmayan görüntü verəcək.
“Apple”ın ekranı daha incə və parlaq etmək üçün “Samsung”un “COE” adlı xüsusi “OLED” texnologiyasından istifadə edəcəyi də iddia olunur. Şayiələrə görə, şirkət bu yeni paneli “Liquid Glass” (Maye Şüşə Ekran) adı ilə təqdim edə bilər. Bununla belə, “Apple”ın qarşısında əsas çətinliklərdən biri ön kamera və “Face ID” sensorlarını ekranın altına tam şəkildə yerləşdirməkdir. Əgər bütün sensorları ekran altına yerləşdirmək mümkün olmasa, cihazın ön hissəsində yalnız kamera üçün kiçik bir dəliyin qalacağı ehtimal edilir.
DOĞRU.AZ


























