Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, müdafiə nazirinin müavini, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti, mərhum Cavanşir Qurbanovun ailəsini ziyarət edib.
Doğru.az xəbər verir ki, ziyarət zamanı general-polkovnik Hikmət Mirzəyev mərhum Cavanşir Qurbanovun Azərbaycan idmanının inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirib. O, Cavanşir Qurbanovun həm peşəkar fəaliyyətində, həm də ictimai həyatında daim prinsipial və vətənpərvər bir mövqe sərgilədiyini vurğulayıb.
Görüşdə ailə üzvləri ilə səmimi söhbət aparılıb, Cavanşir Qurbanovun həyat yolu və xatirəsi yad edilib. Onun güləş idman növünün inkişafında və gənc nəslin formalaşmasında oynadığı roldan bəhs olunub.
General Hikmət Mirzəyev mərhumun ailəsinə başsağlığı verərək dövlətin və ordunun hər zaman belə dəyərli insanların ailələrinin yanında olduğunu bildirib.
Ziyarət, həmrəylik və milli dəyərlərə sadiqliyin növbəti nümunəsi kimi dəyərləndirilib.
DOĞRU.AZ