Bakının ən çox istifadə olunan və turistlər tərəfindən ziyarət edilən nöqtələrindən biri olan metronun “İçərişəhər” stansiyası ətrafında yaxın illərdə ciddi infrastruktur yenilikləri həyata keçiriləcək.
Doğru.az Xəzər TV-yə istinadən yaydığı məlumata görə, stansiyadan sonra yeni dönmə qurğusu və onun üzərində yeraltı avtomobil dayanacağı inşa ediləcək. Dönmə qurğusu qatarların istiqamət dəyişməsini təmin edərək, xəttin çevikliyini artıracaq və fövqəladə hallarda qatarlara mərkəzə qayıtmaq imkanı verəcək.
Tarixi mərkəzdəki avtomobil dayanacağı problemi, xüsusilə turistlərin sıx olduğu vaxtlarda ciddi narahatlıq yaradırdı. Yeni layihə bu problemi də aradan qaldırmağa yönəlib.
Digər mühüm dəyişiklik isə “28 May” stansiyasına aiddir. Mövcud yeraltı keçid əvəzinə, yeni xətlərarası birbaşa tunel salınacaq və sərnişinlər fasiləsiz şəkildə xətlər arasında keçid edə biləcəklər. Bu da qatarların inteqrasiyasını daha da sürətləndirəcək.
Yeni proqram çərçivəsində ümumilikdə 10 yeni metro stansiyasının inşası, o cümlədən “Yaşıl” və “Bənövşəyi” xətlərin uzadılması planlaşdırılır. Bu isə həm metro şəbəkəsinin genişlənməsi, həm də şəhərdaxili sərnişin yükünün balanslaşdırılması baxımından mühüm addım olacaq.
Ətraflı süjetdə: