image-2000x150px
image-123
image-ads_atlas
image-hakimbackend

İki nəfəri öldürərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

image-728x90px

Gəncə Apellyasiya Məhkəməsində Tərtər rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Nuri Allahverdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 2020-ci il aprelin 26-da Tərtər şəhərinin Ədalət Paşayev küçəsindəki binada yaşayan 25 yaşlı Cavid Məmmədlinin Vüqar Həsənov küçəsindəki ağacdan asılı vəziyyətdə meyiti aşkar edilib.

Ekspertizanın rəyinə əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri olmadığı üçün baş verən hadisə intihar kimi qiymətləndirilib.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində C.Məmmədlinin ölümünün səbəbinin intihar yox, qətl olması ilə bağlı müəyyən şübhələr yaranıb.

Meyitin asıldığı kəndirin nisbətən hündürlükdən və ağaca çıxmaqla bağlanılması ilə bağlı izlər aşkar olunub. Lakin ağacın budağına kəndiri asmaq üçün çıxan zaman düşən barmaq və ayaq izləri mərhuma aid olmayıb. Buna görə də meyitin dərisindən nümunə götürülərək Bakıya göndərilib.

Bakıda müayinədən sonra hadisənin qətl olması ilə bağlı şübhələr özünü doğruldub. Meyitin bədəninin müxtəlif nahiyələrində – yanağında, boğazında və sağ əlində naməlum barmaq izləri tapılıb. Həmin barmaq izləri ilə ağacdan kəndiri asan zaman düşən barmaq izlərinin eyni şəxsə aid olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirlərindən sonra hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu, 39 yaşlı N.Allahverdiyev saxlanılıb. Onun dindirilməsi zamanı daha bir qətl törətdiyi məlum olub.

N.Allahverdiyev 2018-ci ilin noyabrında yaşadığı evdə əlləri və ayaqları bağlanılaraq çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Rəşad Nərimanlının da qatili olduğunu etiraf edib.

İstintaq orqanı tərəfindən N.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Allahverdiyev ömürlük azadlıqdan məhrum olunub.

DOGRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki