image-2000x150px
image-123
image-ads_atlas
image-16262574481884941371backend

İlham Əliyev: “İtkilər minimum olsun deyə bəzi əməliyyatları təxirə salırdıq”

image-728x90px

“Hər bir əməliyyatı planlaşdırarkən deyirdim ki, itkilər minimum olsun. Bəzən buna görə biz bəzi əməliyyatları təxirə salırdıq, bəzi əməliyyatları bir qədər sonra keçirirdik. Çünki görürdük, itkilər çox ola bilər”. 

Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, 10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya aktı bizə imkan verdi ki, minlərlə gəncin həyatını qoruyaq:

“Çünki əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam etsəydi, təbii ki, biz dayanmayacaqdıq. Çünki mən müharibə dövründə dəfələrlə demişəm ki, biz dayanmağa hazırıq. Müharibənin ilk günlərində demişəm, qoy, Ermənistan rəhbəri bizə tarix versin, onlar bizim torpaqlarımızdan nə vaxt çıxırlar, biz müharibəni dayandırmağa hazırıq. Biz müharibə istəmirik. Ancaq onlar bizə o vaxt tarix verdilər ki, artıq biz Şuşanı geri götürdük və 300-dən çox yaşayış məntəqəsini azad etdik. Amma əgər noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktı imzalanmasaydı, biz dayanmayacaqdıq. Bizim növbəti əməliyyat istiqamətləri bəlli idi. Ancaq itkilər çox olacaqdı: həm Ağdamda, həm də Kəlbəcər və Laçında. Çünki onlar Ağdamı elə bir istehkama çevirmişdilər ki, şərq tərəfdən ora girmək çox böyük təhlükə idi. Əlbəttə, Şuşa götürüləndən sonra, Hadrut, Füzuli bizim əlimizdə olandan sonra təbii ki, Ağdamda erməni hərbi qruplaşması mühasirəyə düşəcək və məhv olacaqdı. Amma biz də itkilər verəcəkdik. Kəlbəcər və Laçın rayonlarının təbii relyefi, iqlimi, hava şəraiti bizim işimizi çox çətinləşdirə bilərdi, xüsusilə nəzərə alsaq ki, qış gəlirdi. Qış orada çox sərt keçir. Dağlarda qar heç ərimir. Deyə bilərəm ki, biz o istiqamətdə Azərbaycan-Ermənistan sərhədinə ancaq may ayında çıxa bilmişik. Çünki yol yoxdur, necə deyərlər, heç cığır belə yoxdur. O bölgələrdə sovet dövründə yaşayış məntəqələri olmayıb. Biz oraya ancaq qar əriyəndən sonra çıxa bilmişik. Ona görə bizim müharibə dövründə apardığımız işlər tam dəqiqliyi ilə aparılmışdır. Hədəfə hesablanmış addımlar idi – vaxtında hər şeyi etdik, vaxtında dayandıq. Ərazi bütövlüyümüzü bərpa etdik və minimum itkilər verdik”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki