image-2000x150px
image-1637570172808755583_1000x669backend

İlham Əliyev Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrini qəbul edib – YENİLƏNİB

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında mütəmadi təmasların olmasından məmnunluğunu ifadə edərək, bunu hər iki tərəfdə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirdi. Dövlətimizin başçısı əminliyini bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması bütün digər sahələrdə də əməkdaşlıq üçün müsbət təsirini göstərəcək.

İqtisadi əməkdaşlığa toxunan Prezident İlham Əliyev Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini bildirərək, böyük sənaye infrastrukturu layihələrinin icrasında bu şirkətlərin fəaliyyətini qeyd etdi və Bakının müasir memarlıq obrazında Koreya şirkətlərinin də payı olduğunu dedi.

Dövlətimizin başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirdi ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir. Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd etdi, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını dedi, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirdi. Vurğuladı ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.

Prezident İlham Əliyev Çong Soo Parkın səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu qeyd olundu, ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunuldu. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

 

11:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.

Bu barədə AZƏRTAC  məlumat yayıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki