image-2000x150px
image-123
image-ads_atlas
image-akifbackend

İnam Kərimovun ilk sınağı: Çovdarovun 30 milyonu kimə qalacaq? – FOTO

image-728x90px

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv edilib – red.) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarov yenidən gündəmdədir.

Aprelin 11-də Ali Məhkəmədə Çovdarovun əmlakları ilə bağlı məsələyə baxılacaq. Bu, həm də İnam Kərimovun Ali Məhkəmənin sədri kimi ilk ciddi sınağı olaraq da dəyərləndirilə bilər.

Qısa arayış versək, Akif Çovdarov MTN-də vəzifədə olduğu dövrdə hədə-qorxu ilə tələb etmə, talama, vəzifə saxtakarlığı, rüşvətalma cinayətləri ilə ittiham olunub. Bir sıra yüksək vəzifəli şəxslərdən, biznesmenlərdən hədə-qorxu ilə pul alınmasında iştirak edib. 2015-ci ildə MTN-dəki silsilə həbslər zamanı tutulub. 12 il cəza alsa da, 5 il “yatdıqdan” sonra əfv edilərək azadlığa çıxıb. 30 milyonluq əmlakı müsadirə edilib. Ötən il dekabrın 29-da Ali Məhkəmədən göndərilmiş yekun akt əsasında Bakı Apellyasiya Məhkəməsi əmlakların üzərindəki müsadirəni ləğv edib.

Əlbəttə ki, bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki iddialar var idi ki, Akif Çovdarov ömrünün 5 ilini həbsxanada lüks şəraitdə keçirib. Müsadirə olunmuş 30 milyonluq əmlaklar isə vəzifə cinayətləri törətməklə ələ keçirdikləridir.

Həmin ərəfədə Ali Məhkəmənin sədri Ramiz Rzayevin qərarla bağlı səsləndirdiyi fikirlər cəmiyyəti bir qədər də bu olayın içinə çəkmişdi:

”Əmlakların cinayət yolu ilə əldə olunmadığı və cinayətdə iştirakçı olmayan şəxslərə məxsus olduğu sübut edilib. Bu kimi hallarda istintaq orqanı tərəfindən müəyyən olunmalıdır ki, üzərinə həbs qoyulan əmlaklar oğurluq pulla alınıb, yoxsa şəxsin hər hansı qohumuna məxsusdur. Nə cinayət olursa olsun, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq. Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov…”.

Sədrin açıqlamasından qısa müddət sonra isə Baş prokuror Kamran Əliyev də məsələyə biganə qalmayıb. O bildirib ki, məsələ Prokurorluq tərəfindən diqqətlə öyrənilir. Zəruri tədbirlərin görülməsi və protestlərin verilməsi nəzərdən keçirilir. Kamran Əliyevin fikirləri qısa müddət sonra özünü doğruldub. İctimai basqını nəzərə alan Baş Prokurorluq aprelin 4-də əmlakların müsadirəsi ilə bağlı Ali Məhkəməyə protest verib.

Amma bu, həmin günün ən önəmli xəbəri deyildi. Məhz 4 aprel tarixində Prezident Ali Məhkəməyə yeni sədr təyin edib – İnam Kərimov. Təyinatdan bir neçə saat sonra isə Baş Prokurorluq Akif Çovdarovun əmlakları ilə bağlı Ali Məhkəməyə protest verdiyini açıqlayıb.

Prosesöncəsi Akif Çovdarovun vəkili Kamandar Nəsibovla əlaqə saxlanılıb. Vəkil açıqlamasında Baş Prokurorluq tərəfindən verilən protestin əsassız olduğunu düşündüyünü deyib:

”Məhkəmə 2 il əvvəl əmlakların dövlət nəfinə verilməsi qərarına gəlmişdi. O vaxtı prokurorluq niyə narazı olmadı ki, bu əmlaklar dövlət nəfinə yox, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə sərf edilməlidir?! İndi ayılıblar. Prokurorluq 2 il əvvəl düşünməli idi bunu. Ki, qərar zərərçəkmişlərə problem yarada bilər.

Akif Çovdarovun qohumları sahibkarlıq fəaliyyəti ilə məşğul olubar, işləyiblər, qazanıblar. Bəzi əmlaklar, ümumiyyətlə, cinayət dövründə əldə edilmiş deyil. Ona görə də bu əmlakları birbaşa Akif Çovdarovla bağlamaq savadsızlıqdır. O vaxtı Ramiz Rzayev düz vurğulamışdı ki, məhkəmə qanuna əsasən, bu qənaətə gəlib ki, əmlakların Akif Çovdarova heç bir aidiyyəti yoxdur.
Fotoda: Soldan birinci Kamandar Nəsibov

Kim tutulursa, qohum-əqrəbasının əmlakını əlindən alırlar. Niyə? O deməkdir ki, qohumların əmlakı hamısı onundur? Bu işdə heç bir əsas yoxdur. Prokurorluq əsas olmadan protest verib. Zərərçəkmişə veriləsi pul yoxdursa, qohumları gedib Akif Çovdarovun yerinə pul ödəməlidir?!”

Uzun illər istintaq orqanlarında çalışmış vəkil Vüqar Kazımov isə düşünür ki, məsələ sübutetmə predmeti olan məsələdir:

”Sübutetməni istintaq orqanı etməlidir. Məhkəmə zamanı sübut olunmalı idi ki, bu əmlaklar cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınıb. Düşünürəm ki, istintaq bunu natamam araşdırdığına görə, bu gün qərarların ləğvi və yeni araşdırmalar aparılmasına gərək duyulur. Əgər bunlar sübut olunsaydı, ilk növbədə zərərçəkmişlərə dəymiş ziyan ödənilməli, yerdə qalan məbləğ dövlətin nəfinə keçirilməli idi. İşin bu cür uzadılması, zərərçəkmişlərin mənafeyinin qorunmaması istintaqın natamamlığı ilə bağlıdır”.

Fotoda: Vüqar Kazımov

Məlumat üçün sözügedən əmlakların siyahısını təqdim edirik:

– Bakıda 8-ci kilometr bazarının bir hissəsi (8 100 000 manat);

– Biləcəridə 560 kvadrat metr torpaq sahəsi (95 000 manat);

– Biləcəridə 0,06 hektar torpaq sahəsi (300 000 manat);

– Yasamalda 250 kvadrat metr qeyri-yaşayış sahəsi (231 500 manat);

– Xətai rayonunda 147,4 kvadrat metr sahəyə malik mənzil (125 000 manat);

– Nəsimi rayonunda mənzil (483 000 manat);

– Novxanıda 0,1073 ha torpaq sahəsi (86 000 manat);

– Novxanıda 0,0886 ha torpaq sahəsi (71 000 manat);

– Novxanıda 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evi (808 000 manat);

– Novxanıda 0,11 ha torpaq sahəsi və üzərindəki 241,9 kvadrat metr bağ evi (700 000 manat);

– Saray qəsəbəsində 0,15 ha torpaq sahəsi (60 000 manat);

– Saray qəsəbəsində 0,6754 ha torpaq sahəsi (203 000 manat);

– Saray qəsəbəsində 0,17 ha torpaq sahəsi (59 500 manat);

– Xızıda 2 hektar torpaq sahəsi (400 000 manat);

– Qəbələdə 2 ədəd 0,075 hektar torpaq sahələri (30 000 manat);

– Şamaxıda 0,13739 hektar torpaq sahəsi və üzərində yerləşən tikililər (750 000 manat);

– Masazırda torpaq sahələri və üzərində tikililər (6 780 000 manat);

– Kürdəmirdə 2,5 hektar torpaq sahəsi (1 800 manat);

– Kürdəmirdə 100 hektar torpaq sahəsi (60 000 manat);

– Kürdəmirdə 69 ha torpaq sahəsində olan göllər, tikililər, talvar və hovuz (dəyəri 646 000 manat);

– Kürdəmirdə 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 000 nar kolu (208 600 manat);

– Nəsimi rayonunda qarajlar (96 000 manat);

– Binəqədidə 6 mərtəbəli bina (3 178 000 manat);

– Nəsimi rayonunda 7 mərtəbəli qeyri-yaşayış binası (4 500 000 manat);

– Bakıda mənzil (145 000 manat).

Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Əmlakları müsadirə olunub. 2020-ci ildə əfv olunaraq azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra əmlakların geri qaytarılması üçün müraciət edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki