Əməkdar artist Mətanət İsgəndərlinin Heydər Əliyev Sarayında keçirilən “Gəl qayıdaq o illərə” adlı solo konsertindən öncə təşkil edilən mətbuat brifinqində jurnalistlərə qarşı yolverilməz münasibət sərgilənib.
Doğru.az xəbər verir ki, sənətçinin prodüseri Asif Kərimov medianın suallarını Mətanət İsgəndərlinin cavablandırmasına imkan verməyərək, jurnalistlərə qarşı aqressiv və aşağılayıcı üslubda danışıb. Mətbuat nümayəndələrinin “27 il niyə solo konsert verməmisiniz?” sualına cavab verən prodüser təhqirə çatan şəkildə “Ən böyük maneə mənəm – Asif Kərimov. Səbəbini sənə sonra deyərəm. Onun sənə borcu yoxdur” ifadəsini işlədib.
Ən qəribəsi isə odur ki, Mətanət İsgəndərli bu münasibətə susqun yanaşaraq həmkarının jurnalistlərə qarşı kobud davranışına etiraz etməyib. Bu, sənətçi ilə media arasında olan etimadın zədələnməsi kimi qiymətləndirilir.
Doğru.az olaraq bildiririk: İctimai şəxslərlə bağlı sual vermək jurnalistin hüququdur. Bu cür davranışlar nə medianın peşəkarlığını, nə də ictimai marağı aşağılaya bilməz.
Əlavə məlumat və görüntülər Baku TV-nin süjetindədir.