Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Bu dəfə Bakı şəhərinin Qaradağ rayonundan köçürülən ailələr yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslər arasından seçilib. Ümumilikdə 48 ailə – 206 nəfər doğma yurda qovuşub.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar, həmçinin torpaqlarımızı azad edən qəhrəman Azərbaycan Ordusuna, igid əsgər və zabitlərə təşəkkür edib, şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, həm köçürülmüş ailələr, həm də bu ərazilərdə çalışan dövlət qurumlarının əməkdaşları və müxtəlif sahələrin nümayəndələri daxil olmaqla ümumilikdə 40 mindən çox insan yaşayır.
DOĞRU.AZ