Ermənilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri Malıbəyli və Quşçular faciəsidir. 1992-ci il fevralın 11-də Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, çoxlu sayda dinc azərbaycanlı qətlə yetirilib.
Doğru.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Malıbəyli və Quşçular kəndlərində olub, 32 il əvvəl baş verən hadisələri kənd sakinlərinin dilindən bir daha yada salıb.
Avtomobilimiz Ağdamın Qaraağacı qəbiristanlığının yanından keçib Xocalı rayonu ərazisinə daxil olur. Bizimlə birlikdə gedən Malıbəyli və Quşçular kəndlərinin sakinləri – Sahib Musayev, Zakir Quliyev və Allahverdi Balakişiyev çox həyəcanlıdırlar. Çünki 32 ildir ayrı düşdükləri, ötən müddətdə hər gün xəyal etdikləri, yuxularında gəlib gəzdikləri doğma yurda qədəm qoyurdular. Onlar, eyni zamanda, kəndlərinin işğalını, ermənilərin törətdikləri vəhşilikləri xatırlayır, yolboyu həm xoş, həm də kədərli xatirələrdən bəhs edirlər.
Əsgəran qəsəbəsini, Xocalını keçirik. Avtomobilimiz Malıbəyli körpüsündən sola dönür. Kənd sakinləri avtomobilin pəncərəsindən doğma yerləri seyr edir, gördüklərini dilə gətirirlər: “Burada bulaq, onun yanında “Üçbulaq” restoranı vardı. Qabaqda qaz idarəsi, sağ tərəfdə alma bağı vardı. Buraya “Yarma” deyirdik. Baxın, bizim ev orda idi. Bura “hamam dərəsi” deyirdilər, armud, tut ağacları vardı. Kənd necə dəyişilib, sanki kəndin yuxarısındakı qayalar qabağa gəlib…”
DOĞRU.AZ