image-2000x150px
image-123
image-ads_atlas
image-k1backend

Mərkəzi Asiya ölkələri ilə əlaqələr xarici siyasət kursunda yeni mərhələdir – FOTO

image-728x90px

Bu günlərdə Prezident İlham Əliyev Tacikistana dövlət səfəri edib. Ekspertlərin fikrincə, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizin inkişaf etdirilməsi siyasi aspektdə bizim üçün olduqca əhəmiyyətlidir. Bu səfərlər Azərbaycanın dostlarının artması ilə şərtlənir.

  Azərbaycanın çoxvektorlu xarici siyasəti tək inkişaf etmiş ölkələrlə əlaqələrin qurulmasına yönəlməyib, bura inkişaf etməkdə olan ölkələrlə geniş əməkdaşlıq imkanlarını dəyərləndirmək də daxildir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin yeni mərhələyə keçməsi xarici siyasət kursunda yeni baxışı ortaya qoyur. Diqqət etsək görərik ki, tək ötən il Prezident İlham Əliyev Qazaxıstan, Özbəkistan, Türkmənistana səfərlər edib. Eləcə də həmin ölkələrin dövlət başçıları Azərbaycana səfərə gəliblər. Bu günlərdə Prezident İlham Əliyevin Tacikistana səfəri isə bir çox siyasi, iqtisadi məqamları özündə əks etdirir. Bəs görəsən, bu səfərin əhəmiyyəti nədən ibarətdir?

Ümumilikdə 57 strateji sənəd imzalanıb

Mövzu ilə bağlı açıqlamasında Milli Məclisinin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə bildirdi ki, hər iki xalq bir mədəni kökdən formalaşıblar və inkişafları paralel gedir:

“Ona görə də bizim mədəniyyətimizdə, dünyaya baxışlarımızda oxşarlıqlar çoxdur. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bu əlaqələr daha da güclənib. 1992-ci ilin mayında diplomatik əlaqələr qurulub. 2007-ci ildə isə qarşılıqlı surətdə səfirliklər açılıb. Elə həmin ildə Tacikistanla dövlət başçımızın imzası ilə tarixi əməkdaşlıq və dostluq müqaviləsi imzalanıb. Prezident İlham Əliyevin bu səfəri də daxil olmaqla, indiyədək ölkələrimiz arasında 57 strateji sənəd imzalanıb. Bu sənədlər əməkdaşlığın bütün sahələrini əhatə edir və gündən-günə güclənir. Bu gün Azərbaycan universitetlərində, o cümlədən Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Tacikistandan olan tələbələr və kursantlar təhsil alırlar”.

“Düşənbənin Türk Dövlətləri Təşkilatına böyük marağı var”

Deputat vurğulayıb ki, Azərbaycan Tacikistana hazır məhsullar, o cümlədən ərzaq məhsulları ixrac edir:

“Biz isə Tacikistandan alüminium məhsulları alırıq. İki ölkə arasında ticarət dövriyyəsi illik 6 milyon ABŞ dolları təşkil edir. Düzdür, bu, potensialımızdan çox geri qalır. Aydın məsələdir ki, dövlət başçısının bu səfəri əməkdaşlığı daha da gücləndirəcək. Prezident İlham Əliyev çıxışında iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verdi. Onu da qeyd edim ki, dövlət başçısının səfəri ərəfəsində Düşənbədə Azərbaycan-Tacikistan Biznes Forumu keçirildi və çox sayda şirkətimiz orada iştirak etdi, qarşılıqlı investisiya qoyuluşu barədə razılığa gəlindi. Həmçinin Tacikistanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq məsələləri də müzakirə edildi və Düşənbə buna böyük maraq göstərir. Xüsusi vurğulamaq olar ki, Tacikistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Tacikistan mətbuatında vaxtaşırı Azərbaycanla bağlı obyektiv materiallar dərc olunur”.

“Tacikistan “Orta Dəhliz”in bir hissəsi ola bilər”

A.Mirzəzadə “Orta Dəhliz” layihəsi təşəbbüsü ilə bağlı qeyd edib ki, Azərbaycan bu layihənin əsas seqmentlərindən biridir:

“Ölkəmiz Asiya və Avropa logistik xəttinin mərkəzində yerləşir. Bunu nəzərə alan Azərbaycan zamanında dəmiryol xətti çəkib, Xəzər dənizində çox sayda və istənilən yük daşımaları üçün gəmiləri var. Biz Tacikistandan məhsulların Avropaya daşınmasında böyük işlər görə bilərik. Eyni zamanda Tacikistan “Orta Dəhliz”in bir hissəsi ola bilər. Yəni hər iki ölkə bu yolun bir hissəsi kimi əməkdaşlığı gücləndirərək böyük fayda əldə etmək imkanına malikdir”.

“Siyasi-iqtisadi münasibətlər çox əhəmiyyətlidir”

Politoloq Əlimusa İbrahimov bildirib ki, hazırda Qarabağdakı tikinti və yenidənqurma işləri uğurla həyata keçirilir. Eyni zamanda Azərbaycan yeni geosiyasi, geostrateji və geoiqtisadi reallıqlar mühiti yaradıb:

“İndi diqqət çəkən məqam dövlət başçısının xarici səfərlərinin yeni istiqamət almasıdır. Bu gün Mərkəzi Asiya respublikaları da digər inkişaf etmiş ölkələr qədər diqqətimizi cəlb etməyə başlayır. Çünki bu respublikalar artıq dünya birliyinə qoşulmaq istiqamətində mühüm nailiyyətlər əldə ediblər və onlarla siyasi-iqtisadi münasibətlər bizim üçün çox əhəmiyyətlidir. Azərbaycana qarşı İran-Ermənistan tandeminin apardığı düşmən siyasəti bizə məhz region və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizin inkişaf etdirilməsini diktə edir. Yaxın, amma özünü düşmən kimi aparan qonşulara qarşı elə yaxın və dost qonşuların imkanlarından istifadə edərək mübarizə aparmaq lazımdır. Bu baxımdan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizin inkişaf etdirilməsi siyasi aspektdə bizim üçün olduqca əhəmiyyətlidir. Bu səfərlər Azərbaycanın dostlarının artması ilə şərtlənir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki