Cavanşir Qurbanov 1947-ci ilin dekabrında Bakı şəhərində dünyaya gəlib. Uşaqlıqdan pəhləvanlar nəslinin davamçısı kimi güləşə maraq göstərib. 1962-ci ildə ilk dəfə xalçaya çıxıb, 4 il sonra isə idman ustası adını qazanıb. Çempionluqlar, beynəlxalq turnirlərdə medallar onun güləş yolunun ilk uğurları idi.
Təkcə idmançı yox, həm də böyük müəllim idi. O, Azərbaycanın məşhur pəhləvanlarından olan Xəzər İsayev, Natiq Eyvazov, Azad Əliyev kimi çempionları yetişdirib. Onun yetirmələri arasında dünya, Avropa, SSRİ miqyaslı qaliblər var idi.
Güləş federasiyasında silinməz iz
1995-ci ildən Azərbaycan Güləş Federasiyasında birinci vitse-prezident vəzifəsini daşıyan Cavanşir Qurbanov bu sahənin yenidən qurulması və beynəlxalq uğurların əldə olunmasında əvəzsiz rol oynayıb. 2003-cü ildə ABŞ-da Arif Abdullayevin qazandığı dünya çempionu titulu, 2004-cü ildə Bakıda Dünya Kubokunun əldə olunması – onun rəhbərlik etdiyi illərin parlaq nəticələridir.
Daha sonra regionlar üzrə vitse-prezident kimi fəaliyyətini davam etdirən Cavanşir müəllim ölkənin müxtəlif bölgələrində güləşin inkişafına dəstək olub.
Təhsil, elmi fəaliyyət və ictimai missiya
Professor Cavanşir Qurbanov, “Təfəkkür” Universitetində kafedra müdiri kimi fəaliyyət göstərib, 20-yə yaxın elmi məqalə və metodik vəsaitin müəllifi olub. İdman nəzəriyyəsinə və metodikasına elmi töhfələr verib.
2020-ci ildən Yasamal rayon Ağsaqqallar Şurasına rəhbərlik edən Cavanşir müəllim, cəmiyyətin dəyərli fikir adamlarından biri kimi tanınıb.
Əbədi iz qoyan insan
Cavanşir Qurbanov “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Fəxri bədən tərbiyəsi işçisi” və “Xalq maarifi əlaçısı” kimi fəxri adlarla təltif olunub. O, Prezident İlham Əliyev tərəfindən “Vətənə xidmətə görə” ordeninə, “Heydər Əliyevin 100 illiyi” medalına və Prezidentin fəxri diplomuna layiq görülüb.
El arasında deyilənlə: “O adam yaxşı idi”
21 may 2025-ci il tarixində vəfat edən Cavanşir müəllimin vida mərasimi, sözün əsl mənasında, izdihamlı və duyğulu keçib. Onu son mənzilə qədər çiyinlərində aparmaq istəyən yüzlərlə insan vardı. Yasamal qəbiristanlığında dəfn olunan Cavanşir müəllim təkcə idmanda yox, insanlıqda da zirvəyə qalxmış adlardan biri idi.
Onun üç övladı, yeddi nəvəsi var. Amma ondan sonra ən böyük miras – minlərlə tələbə, yetişdirdiyi çempionlar və qazandığı hörmətdir.
Ruhu şad olsun!
DOĞRU.AZ