Azərbaycan estradasının sevilən ifaçısı Azad Şabanov dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib.
Doğru.az xəbər verir ki, sənətçi əfsanəvi Karvan qrupunun solisti Firuz İsmayılovun repertuarından olan “Xatirədir” mahnısını yeni aranjimanda və müasir nəfəsdə ifa edərək ekran versiyasını yayımlayıb.
Mahnının musiqisi Firuz İsmayılova, sözləri Malik Fərruxa məxsusdur. Layihənin aranjimanını Emil Əliyev, videonu isə Fərhad Əli həyata keçirib. Yaradıcı əməkdaşlıq nəticəsində ortaya həm nostalji duyğularla zəngin, həm də müasir musiqi zövqünə uyğun bir iş çıxıb.
Xüsusilə qeyd edilməlidir ki, “Xatirədir” mahnısının məhz Azad Şabanov tərəfindən yenidən ifa olunması ideyası müəlliflər və ailələri tərəfindən dəstəklənib. Maraqlı məqamlardan biri də budur ki, sənətçinin musiqi heyətində yer alan və uzun illər “Karvan” qrupunun bas-gitara ifaçısı olmuş Gennadi Yuqai onun ilk addımlarından bu günə qədər yanında olub. Bu fakt layihəyə xüsusi mənəvi dəyər və simvolik bağ qatır.
Yeni layihə münasibətilə Azad Şabanov “Xatirədir” challenge-ni də başladıb. Sənətçi mahnıya xatirələr mövzusunda ən təsirli videoçarxı çəkən və ya ən maraqlı ifanı təqdim edən izləyiciləri layihəyə qoşulmağa dəvət edir.
Qeyd edək ki, “Xatirədir” artıq bütün rəqəmsal platformalarda yayımlanır.
DOĞRU.AZ


























