image-n1karobka_ads
image-123
image-170748466229660839_1200x630backend

Ötən il Qadın Resurs mərkəzlərinin xidmətlərindən 8336 nəfər bəhrələnib – FOTO

Fevralın 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Bahar Muradova ötən ildə ərazi bütövlüyümüzün bərpası və bu il seçkilərdə Prezident İlham Əliyevin qalib gəlməsi ilə ölkəmizin yeni dövrə qədəm qoyulduğunu vurğulayıb. Bildirib ki, bu önəmli hadisələr fonunda komitə də üzərinə düşən vəzifələri layiqincə icra etməyə çalışır.

Qeyd edilib ki, ötən il ailə, qadın və uşaq məsələləri istiqamətində normativ-hüquqi bazanın gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə komitə tərəfindən 6 sənəd layihəsi hazırlanıb, 5 sənəd layihəsinə rəy və təklif verilib. Eyni zamanda, müxtəlif mövzuda 6 araşdırma və təhlil yekunlaşıb.

Bildirilib ki, ailə məsələləri istiqamətində 10 min 379 nəfərin iştirakı ilə 66 təlim, seminar və icma görüşü keçirilib, 7 sosial layihə icra edilib. B.Muradova Türkiyə ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət Planına uyğun olaraq, qardaş ölkədən dəvət olunmuş hekayəçilərin iştirakı ilə 5000-ə yaxın valideyn və uşaq auditoriyasını əhatə edən nağıl günlərinin təşkil edildiyini deyib.

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində 2666 nəfərin iştirakı ilə 15 təlim və seminar, konfrans keçirilib. Həmçinin 8336 nəfər Qadın Resurs mərkəzlərinin xidmətlərindən bəhrələnib. Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 32 min 399 nəfər yararlanıb. 2023-cü il ərzində erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb.

Diqqətə çatdırılıb ki, komitənin “Qadın Dəstək Xətti”nə 4079, “Uşaq Qaynar Xətti”nə 4453, 860- Gender əsaslı zorakılıqla bağlı Dəstək xəttinə 302 müraciət daxil olub və hər biri təmin edilib.

Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışında “2021-2023-cü illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın və “Sosial Media Siyasəti”nin icra vəziyyəti, “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın həyata keçirilməsi, Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ailə səfərlərinin təşkili və aparılması üzrə və Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının vəzifə təlimatlarının təsdiq edilməsi barədə məlumat verib.

İclasın sonunda komitənin ötənilki fəaliyyəti nəzərə alınıb, qarşıdakı sessiya üçün iş planının layihəsi təsdiqlənib.

DOĞRU.AZ

image-1707484662236421461_1200x630 image-17074846622855225313_1200x630 image-17074846626449459676_1200x630 image-17074846624638347220_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki