Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin keçdiyi böyük inkişaf yolu, qazanılan siyasi-iqtisadi uğurlar, reallaşdırılan qlobal əhəmiyyətli layihələr, regional və beynəlxalq müstəvidə qurulan nümunəvi əməkdaşlıq modeli, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası kimi mühüm amillər son illər Azərbaycanın nüfuzunu daha da yüksəldib, ölkəmizə olan marağı artırıb. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı güclü dövlət, etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əməkdaşlığa böyük önəm verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov səsləndirib.
Komitə sədri qeyd edib ki, 44 ölkədən 80-dən çox beynəlxalq ekspertin, beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu beynəlxalq ictimaiyyətin ölkəmizə artan diqqətinin göstəricisidir. Bu onu göstərir ki, Azərbaycanın mövqeyi artıq beynəlxalq miqyasda öyrənilir və nəzərə alınır.
“Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq ekspertlər tərəfindən ünvanlanan suallara səlis, əhatəli və faktlara əsaslanan cavablar verdi, önəmli mesajlar çatdırdı”, – deyən Şahin İsmayılov bildirib ki, Azərbaycan hər zaman ölkələrin bir-birinin suverenliyinə hörmət göstərmələrinin, dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edib. Bu gün dünyada baş verən müharibələr, artan gərginliklər fonunda ölkəmiz mühüm təşəbbüslərlə çıxış edərək regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir.
BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına dörd il ərzində nümunəvi sədrlik edən Azərbaycanın qurumun fəaliyyətində mühüm dönüş yaratdığını söyləyən deputat deyib: “Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatına yeni dinamika gətirdi, Hərəkatın Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdi, təsisatın institusional inkişafı istiqamətində fəal işlər gördü”.
Ötən ilin noyabrında Azərbaycanın COP29 tədbirinə uğurlu ev sahibliyinin də ciddi nailiyyətlərlə yadda qaldığını xatırladan deputat bildirib ki, beynəlxalq birlik Azərbaycanın yaşıl dünya naminə həmrəylik çağırışına dəstəyini nümayiş etdirdi. Paris Sazişinin uzun illərdir razılaşdırılmayan 6-cı maddəsi üzrə Bakıda ümumi razılığa gəlinməsi, inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard dollar həcmində vəsaitin ayrılması ilə bağlı qərarın qəbulu Azərbaycanın COP29 sədrliyinin uğurlarındandır.
“Eyni zamanda, qeyd etmək istərdim ki, Türk dünyası ölkələri ilə uğurlu əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindəndir. Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıqda çox mühüm rol oynamış ölkədir. Bu xüsusda, əlbəttə ki, qardaş Türkiyə ilə münasibətlər xüsusi önəm daşıyır. Qardaş ölkələrimiz bütün istiqamətlərdə sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Həmçinin son illər Azərbaycanın qardaş Özbəkistan, Qazaxıstan və Qırğızıstan ilə münasibətləri ciddi şəkildə genişlənib. Yüksəksəviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar, imzalanan sənədlər əlaqələrimizin inkişafına müsbət təkan verir. COP29 tədbiri çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması yeni əməkdaşlıq imkanları yaradır və bu, regionun enerji təhlükəsizliyinə dəyərli töhfə verəcək”, – deyə Milli Məclisin komitə sədri vurğulayıb.
Azərbaycan Prezidentinin Forumdakı çıxışında qlobal çağırışlar fonunda ölkəmizin həyata keçirdiyi uğurlu enerji siyasəti barədə də fikirlərini bölüşdüyünü, bu barədə ünvanlanan sualları ətraflı cavablandırdığını qeyd edən komitə sədri deyib: “İlk növbədə, onu bildirmək lazımdır ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırda Azərbaycan qazı 10-u Avropa ölkəsi olmaqla, dünyanın 12 ölkəsinə ixrac edilir. Eyni zamanda, Azərbaycan tərəfdaşları ilə birgə yaşıl enerji layihələrini də uğurla reallaşdırır”.
Azərbaycan Prezidentinin çıxışının beynəlxalq mətbuatın da diqqət mərkəzində olduğunu söyləyən deputat bildirib ki, dövlətimizin başçısının səsləndirdiyi əsas mesajlar dünya mediasının gündəmini zəbt etdi, manşetlərdə yer aldı. Bu, Azərbaycanın və onun Liderinin mövqeyinə olan marağın təzahürüdür.
DOĞRU.AZ