Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq, Bakı şəhərində sanitar təmizlik və yaşıllıqlara qulluq işləri daha da genişləndirilib. Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə mayın 17-də paytaxt ərazisində növbəti genişmiqyaslı təmizlik aksiyası keçirilib.
Doğru.az-a daxil olan məlumata görə, İcra Hakimiyyətinin müvafiq xidmətlərinin texnikası və əməkdaşlarının iştirakı ilə əsas küçə və prospektlərlə yanaşı, məhəllədaxili yollar, səki kənarları və istirahət məkanları xüsusi, ekoloji cəhətdən zərərsiz yuyucu vasitələrlə təmizlənib.
Aksiya çərçivəsində işıq dirəkləri, bordyurlar, yol kənarındakı məhəccərlər və park oturacaqları da yuyulub, həyət və yaşayış məhəllələrində isə səliqə-sahman yaradılıb. Eyni zamanda, ictimai iaşə və ticarət obyektlərinin vitrinləri təmizlənib, ətraf mühitin estetik görünüşünə xüsusi diqqət yetirilib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşlarının iştirakı ilə magistral yol və prospektlərin kənarındakı ağaclara aqrotexniki qulluq göstərilib, onların dibi yumşaldılıb və təbii gübrələrlə zənginləşdirilib. Şəhərin müxtəlif nöqtələrində rəngarəng güllər əkilərək, estetik kompozisiyalar yaradılıb.
Bu təşəbbüs şəhər sakinlərinin rifahını artırmaqla yanaşı, paytaxtın ümumi görünüşünə də müsbət təsir göstərir.
DOĞRU.AZ