image-ads_n1karobka_mobile
image-240fbcd20d4f66fc60331087ee1e96b1backend

Poçtla göndərilən məhsullarla bağlı VACİB XƏBƏRDARLIQ 

Ölkəyə idxalı qadağan edilmiş və ya yalnız xüsusi icazə əsasında icazə verilən malların poçt xidmətləri vasitəsilə sifariş edilməsi və ya göndərilməsi zamanı qanuni tələblərə ciddi şəkildə riayət etmək lazımdır.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi məlumat verib.

Qeyd olunur ki, bu cür mallara dövlət sınaqlarından keçməmiş baytarlıq dərmanları, təhlükəsizlik baxımından təsdiqlənməmiş və müəyyən edilmiş qaydada qeydiyyatdan keçməmiş pestisidlər, bioloji məhsullar və aqrokimyəvi maddələr, uyğunluq sertifikatları və fitosanitar sənədləri olmayan toxumlar, bioloji aktiv əlavələr, qida məhsulları və yem, qida məhsulları ilə təmasda olan materiallar və məhsullar, eləcə də heyvan mənşəli məhsullar daxildir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi poçt xidməti istifadəçilərinə xatırlatma yayıb. İstifadəçilərə göndərməzdən əvvəl mövcud qaydalar, məhdudiyyətlər və tələb olunan sənədlər barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən və poçt operatorlarından əldə etmələri tövsiyə olunur.

Bildirilir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, poçt operatoru və istifadəçi qanunla göndərilməsi qadağan olunmuş əşyaların poçt göndərişlərinə daxil edilməsinə, eləcə də düzgün qablaşdırılmama səbəbindən digər göndərişlərin zədələnməsinə və ya xarab olmasına görə bərabər maliyyə məsuliyyəti daşıyırlar.

Vətəndaşlara həmçinin xatırladılıb ki, bu kateqoriyadan olan mallar müvafiq icra hakimiyyəti orqanları tərəfindən saxlanıla və müsadirə edilə bilər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki