image-2000x150px
image-123
image-ads_atlas
image-qaebackend

“Qarabağ”ın sabiq futbolçusu: “Növbəti tarixi uğur əldən verilməyəcək”

image-728x90px

“Komanda növbəti tarixi uğuru əldə verməyəcək”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında danışarkən deyib.

Hazırda “Kəpəz”də oynayan 34 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin səfərdə qələbə qazanacağına inandığını bildirib:

“Viktoriya” Bakıda aqressiv və istəkli olduğunu göstərdi. Qurban Qurbanovu yaxşı tanıyıram. “Qarabağ” ilk görüşdən yaxşı nəticə çıxaracaq. Məğlub tərəf UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. Amma Çempionlar Liqasının qrupu tamam başqa səviyyədir. Ümid edirəm ki, turu keçən tərəf də məhz “Qarabağ” olacaq”.

İsmayılov 2017-ci ildə Danimarka “Kopenhagen”inə qarşı keçirdikləri pley-off matçlarını xatırlayıb:

“Bakıda 1:0 hesabı ilə qalib gəlmişdik. Səfərdə isə 1:2 hesabı ilə uduzmağımıza baxmayaraq, səfər qolu sayəsində qrup mərhələsinə vəsiqə qazanmışdıq. Bu, tarixi qələbə oldu. Ölkə möhtəşəm ab-havanı yaşamışdı. Həqiqətən, möhtəşəm anlar idi. Çempionlar Liqasında da güclü rəqiblərlə üz-üzə gəldik”.

Təcrübəli oyunçu 2016-cı ildə “Viktoriya”ya qarşı keçirdikləri görüşlərə də toxunub:

“Hər iki qarşılaşmanı yaxşı xatırlayıram. “Viktoriya”ya qarşı da dinamik və aqressiv oyunlar gedirdi. Demək olar ki, üstünlük də bizdə idi. Rəqib səfər qolu sayəsində turu keçmişdi. Çox yaxşı oyun göstərmişdik, qol şanslarımız da olmuşdu. Həmin mövsüm Çempionlar Liqasında mübarizəni uduzmadan dayandırmağımız komanda üçün böyük təcrübə oldu”.

Qeyd edək ki, Əfran İsmayılov 2006-2013 və 2015-2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. Bu gün “Dusan Arena”da keçiriləcək “Viktoriya”-“Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki