“Prezident İlham Əliyevin Zəngəzur və Qarabağla bağlı siyasəti tarixi məsuliyyətə söykənir”.
Bu sözləri “Doğru.az“-a açıqlamasında Medialive.az xəbər portalının rəhbəri Mikayıl Mirzəzadə Zəngəzur dəhlizi və Qarabağla bağlı mövcud siyasi proseslər barədə danışarkən deyib.
O bildirib ki, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət təsadüfi qərarlara deyil, uzun illər formalaşmış dövlətçilik düşüncəsinə və milli maraqlara əsaslanır:
“Zəngəzur bu gün yalnız nəqliyyat və kommunikasiya məsələsi deyil, Azərbaycanın tarixi haqqının və gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.
O qeyd edib ki, dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi regionda yeni iqtisadi imkanların açılmasına və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir:
“Bu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi olan dövlətə çevrilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Prezident İlham Əliyevin verdiyi vədlərin real icrasını göstərir”.
Jurnalistin sözlərinə görə, yeni şəhər və kəndlərin salınması, yolların və sosial obyektlərin inşası ölkənin gücünü və siyasi iradəsini nümayiş etdirir:
“Hesab edirəm ki, bu siyasətin əsas dayağı xalq–dövlət birliyidir və məhz bu birlik Azərbaycanın strateji hədəflərə inamla irəliləməsini təmin edir”.
Sonda media kapitanı qarşıdan gələn yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkəmizə sülh, rifah və davamlı inkişaf arzulayıb.
DOĞRU.AZ




























