image-2000x150px
image-123
image-ads_atlas
image-eeaba646f368b1cd1a91cd4f260c50b8backend

“Qırmızı xətt” davaları

image-728x90px

İldə bir ifadə, bir söz birləşməsi dəb olur, bu ilinki də “qırmızı xətt”dir.

Qırmızı xətt adətən aeroportlarda olur, onun pasport-nəzarət bölümlərinin, bilet kassalarının qabağında döşəməyə çəkirlər ki, insanlar o xətti keçib bir-birinin belinə minməsinlər. Düzü, başqa yerlərdə qırmızı xətt görməmişəm.

Yəni bu, məcazi məna daşıyan sözdür və ən çox beynəlxalq siyasətdə işlədilir, “qırmızı xətt”in o tərəfində təhlükəsizlik təminatının olmamasını nəzərdə tutur.

Hazırda hamının “qırmızı xətt”i var – ayrı-ayrı hörmətli adamların, partiyaların, sair təşkilatların, ən çox da dövlətlərin. Yekə dövlətlərin “qırmızı xətti” qalın və uzun olur, kiçik dövlətlərinki – nazik və qısa.

Regionumuzda ən çox “qırmızı xətt”i olan dövlət İrandır. Əvvəlcə quşqulanırdıq ki, bu ölkə öz qırmızı xətlərini karandaşla çəkir, amma ortaya çıxdı ki, bu, qələm-karandaş, flomaster işi deyil, çox enlidir, hətta asfalta ağ xətlər basan maşının saldığı rədd qədər yoğundur.

Son iki ildə bu dövlətin böyükləri, eləcə də kiçikləri, o cümlədən hansısa əyalət mollaları tez-tez Ermənistanla sərhədlərinin onlar üçün “qırmızı xətt” olmasından danışırlar. (Axırıncı dəfə bu barədə general-mayor Məhəmməd Baqeri danışıb – şəkildə). Ağayilər elə qələmə verirlər ki, guya Zəngilandan Naxçıvana yol Mehri rayonunun içindən keçsə həmin o “qırmızı xətt” cırıq-cırıq, cadar-cadar olacaq. Sovet vaxtı oradan yol olub. Ayrıca dəmiryol xətti də vardı. Avtobuslar da işləyirdi. Belə görünür ki, o xətt sonradan qızarıb, əvvəllər qırmızı deyilmiş.

Ondan da keçən yerdə, əgər biz Ermənistanın harasındansa Naxçıvana yol, dəhliz açsaq (inşallah ki, olacaq), bu, demək deyil ki, yolun qıraqlarına 5 metrlik hasar çəkəcəyik və başqalarının yolunu kəsəcəyik. Nə çətin şeydir, yoldur də, kim hara istəyir, getsin. Bir şey ki, bütün yollar Romaya aparır… Hətta çarpaz yollar da bir-birinə mane olmur.

Ona görə də hansısa yolu qırmızılamağa, kimisə hədələməyə ehtiyac yoxdur. Ona qalsa, Türkiyənin “qırmızı xətti” də gəlib Naxçıvandan keçir və o, elə bir xəttdir ki, onun üstüylə tanklar da gələ bilər, savaş uçaqları da, “bayraktar”lar da, hələ 45 min piyada da.

O tərəfdə ABŞ da “qırmızı xətt”dən danışıb, Ermənistanın ərazi bütövlüyü və suverenliyi Ağ Ev üçün “qırmızı xətt” imiş. Olsun, olsun. O vaxt biz yetim idik, bizim ərazi bütövlüyümüz heç kəsin “qırmızı xətti” deyildi. Hər yetən bir xətt çəkirdi, deyirdilər, müharibə yeni status-kvo yaradıb, hesablaşmalısınız. O qədər “status-kvo-status-kvo” demişdilər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin brifinqlərdə “kva-kva” səsi gəlirdi, elə bilərdin, gölməçə qırağındasan.

“Kva-kva” demişkən, fransızların da ermənilərə münasibətdə öz “qırmızı xətt”i var. Onlar da deyirlər ki, regionda ermənilərə gözün üstə qaşın var deyilə bilməz, deyilirsə, bu, artıq o xətti keçmək deməkdir. Ta demirlər ki, bu regionda qaydadır, kimsə ictimai yerdə sürəkli lotuluq eləyəndə, cızığından çıxanda vurub qaşını partladır, gözünü göyərdirlər, heç bilinmir göz hardadır, qaş hardadır.

Rusiyanın “qırmızı xətti” çox uzundur, Finlandiyadan ta Gümrüyə qədər uzanır. Ruslara lazımdır ki, NATO onun “qırmızı xətt”ə saldığı yerlərə girməsin. Bax, Ukraynada gedən müharibə var ha, o müharibə “qırmızı xətt” üstündədir və Ukrayna torpaqlarına o qədər əsgərin, dinc əhalinin qırmızı qanı tökülüb ki, bəlkə buludsuz günlərdə kosmosdan baxanda Dnepr boyda “qırmızı xətt” görünər.

Əlbəttə, bizim də “qırmızı xətt”imiz var. Gecənin qaranlığında postlarımıza tərəf atılan işıqsaçan güllələr qırmızı zolaq yaradanda, bu, “qırmızı xətt”imizin tapdanması demək olur və elə olanda əsgər çəkməsini ayağına çəkir, əlini silahına uzadır… Nəticədə dağların və okeanın o üzündə (eləcə də bəri tərəfində) vay-nöfsə qopur: “Khndrum yenk ognel, hardzakum ka Hayastani vra” (yəni “kömək edin, Ermənistana hücum var”).

Halbuki onların bir ağsaqqalı-ağbirçəyi olmalıdır, deməlidir ki, belə “qırmızı xətt” həssaslığınız varsa, camaatın “qırmızı xətti”nin üstündə soncuqlamayın, təmas xəttini keçib mina döşəməyin, sərhəd, su, qaz, işıq, telefon xətti çəkin, qonşuqda sakit yaşayın.

P.S. Bəlkə də “xətt” yerinə artıq “cızıq” demək lazımdır. Elə daha yaxşı olar. Dilimizdə “cızıq çəkmək”, “cızığından çıxmaq” kimi ifadələr var, biri də olar “qırmızı cızıq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki