Kirayə münasibətlərində tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və bəzi hallarda kirayəyə verən müqaviləni xəbərdarlıq müddətini gözləmədən ləğv etmək hüququna malikdir.
Doğru.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev deyib.
O bildirib ki, qanunvericiliyə əsasən, kirayəçi iki ardıcıl müddət ərzində kirayə haqqını və ya onun əhəmiyyətli hissəsini ödəmədikdə, yaxud daha uzun müddət üzrə borc iki aylıq kirayə haqqına çatdıqda, kirayəyə verən müqaviləni dərhal ləğv edə bilər. Bu hallar ödəniş intizamının qorunmasına yönəlib. Bununla belə, bəzi vəziyyətlərdə müqavilənin ləğvi istisna olunur. Eyni əsaslar mövcud olsa belə, qanun müəyyən şərtlər daxilində kirayəçinin qorunmasını nəzərdə tutur və ləğv hüququ avtomatik tətbiq edilmir.
Hüquqşünas həmçinin deyib:
“Digər mühüm məqam isə ləğvin etibarsız sayıldığı hallardır. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə yolu ilə borc öhdəliyindən azad olunursa və ləğv bəyan edildikdən dərhal sonra borcun silindiyini elan edirsə, bu zaman müqavilənin ləğvi hüquqi qüvvəsini itirə bilər. Kirayə münasibətlərində bu qaydaların düzgün bilinməsi tərəflər arasında mübahisələrin qarşısını almaqda və hüquqi riskləri minimuma endirməkdə mühüm rol oynayır”.
DOĞRU.AZ

























