Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana ibadətin və İlahi lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, şeyxülislam təbrikində qeyd edib ki, bu əziz bayramı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman Azərbaycan əsgərinin Xankəndidə, Əsgəranda, Xocalıda dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılayırıq. Müstəqillik tariximizdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, məbədlərimiz bərpa və inşa edilir, ata-baba yurdlarına qayıdanlar bu torpaqlara yeni nəfəs, yeni həyat verir.
“Builki bayram AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə iyunun 6-a təsadüf edir. Həmişə xalqın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – iyunun 6-7-ni qeyri-iş günü elan edib və bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların müstəcab olduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-taaladan şəfaət və səadət diləmək, yaşlılara və imkansızlara şəfqət göstərmək bizim vəfa borcumuzdur”, – deyə QMİ sədri vurğulayıb.
O əlavə edib ki, Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd olunacaq, o cümlədən paytaxt Bakının Əjdərbəy məscidində bayram namazı saat 8:00-da, Təzəpir məscidində 9:00-da qılınacaq.
DOĞRU.AZ