İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği gələn il yanvarın 1-dən ödəniləcək.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.
Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir. Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla – dövlət ehtiyacları üçün və rekviziya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu Qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.
Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.
Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 97.1-ci və 97.2-ci maddələrinin tələblərinə əsasən, dayanma və ya durma qaydalarının pozulması (346.1, 346.2 və ya 346.4-346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda) və parklama qaydalarının pozulması (346-1.5-ci maddə) inzibati xətalarını törədən şəxslərin saxlanılmış nəqliyyat vasitələrinin onlara geri qaytarılmasının şərtlərindən biri qismində nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqın ödənilməsi çıxış edir.
DOĞRU.AZ


























