ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronu “qanunsuz narkotik kralı” adlandırıb.
Doğru.az xəbər verir ki, Tramp öz Truth Social səhifəsində yazıb: “Narkotik ticarətinin qeyri-qanuni lideri olan Kolumbiyanın prezidenti Qustavo Petro bütün ölkədə həm böyük, həm də kiçik plantasiyalarda geniş miqyaslı narkotik istehsalını fəal şəkildə təşviq edir”.
ABŞ prezidentinin sözlərinə görə, Kolumbiya prezidenti ABŞ-dan böyük ödənişlər və subsidiyalar almasına baxmayaraq, narkotik ticarətinin dayandırılması üçün heç bir tədbir görmür. Tramp bildirib: “Bu gündən etibarən Kolumbiyaya bu ödənişlər və ya hər hansı digər subsidiya forması artıq edilməyəcək”.
O, Qustavo Petrodan ölkədə narkotik istehsalını dayandırmağı tələb edib, əks halda Vaşinqtonun bunu “onun üçün edəcəyini” qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Kolumbiya prezidenti ABŞ-ın Santa Marta yaxınlığında Kolumbiya qayığını vurmasından sonra ABŞ hökumətindən izahat tələb etmişdi.
DOĞRU.AZ