Dünən Azərbaycan mətbuatının nüfuzlu nümayəndələri üçün Türk Ticarət Mərkəzi və “Türk Obası”nda media tur təşkil edilib. Tədbir səhər yeməyi ilə başlayıb.
Doğru.az xəbər verir ki, media turun təşkilatçısı Dilbər Coşqunsoy “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklunu media nümayəndələrinə təqdim edib. Yılmaz Okuklu qonaqları şəxsən qarşılayaraq “Okuklu Holding”in fəaliyyət istiqamətləri, Türk Ticarət Mərkəzinin yaradılma məqsədi və əsas hədəfləri, eləcə də “Türk Obası” layihəsi barədə ətraflı məlumat verib.
O, süfrədə təqdim olunan tam orqanik və yerli məhsullara xüsusi diqqət çəkərək yerli istehsalın təşviqinin və milli məhsullara önəm verilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu yanaşma həm iqtisadi inkişafın sürətləndirilməsi, həm də sağlam cəmiyyətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir zamanı türkiyəli yazar, eyni zamanda “Türk Obası”nın sözçüsü Birsen Bayar da çıxış edərək layihələrin ideoloji, mədəni və tarixi missiyası barədə məlumat verib.
Media turunun davamında jurnalistlər Türk Ticarət Mərkəzinin nəzdində fəaliyyət göstərən Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Türkiyəyə məxsus ofisləri ziyarət ediblər. Burada planlaşdırılan fəaliyyətlər, gözlənilən müqavilələr və Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.
Daha sonra media nümayəndələri Türkiyənin qədim idman növlərindən olan oxçuluq meydanına baxış keçirib, ardınca “Türk Obası”na keçid edilib. “Türk Otağı”nda yerləşən altı çadırdan ibarət “Türk Obası” haqqında geniş təqdimat keçirilib.
Obalardan birində təşkil olunan görüşdə media nümayəndələrinin sualları Yılmaz Okuklu tərəfindən cavablandırılıb. O, nümayiş etdirilən eksponatların tarixi və simvolik mənalarını izah edərək bu cür layihələrin Türk mədəni irsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını bildirib.
Çıxışı zamanı Yılmaz Okuklu Prezident İlham Əliyevin məşhur fikrinə də istinad edib: “Mənim bir ailəm var. O da Türk dünyasıdır”. O, bu ifadənin Türk dünyasının birliyi və ortaq gələcəyi üçün əsas yol xəritəsi olduğunu vurğulayıb.
Media turun sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
DOĞRU.AZ





























