image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: “Bakıda xeyli dəstək gördüm”

image-728x90px

“Sevindirici haldır ki, 84 kq-dan yuxarı çəki dərəcəsində artıq 2 azərbaycanlı güclülərdən sayılır”.

Bunu  müsahibəsində Ukrayna millisinin karateçisi Rizvan Talıbov deyib.

Milliyyətcə azərbaycanlı olan dördqat Avropa mükafatçısı 2 – 4 sentyabrda Bakıda keçirilmiş Premyer Liqa turnirində bürünc medal qazanıb. Talıbov doğma vətənində ilk medalı əldə etməsi ilə bağlı sevinc hissləri keçirdiyini bildirib: “Bakıya gələrkən, bilirdim ki, xeyli dəstək görəcəyəm. Belə də oldu. Yaxınlarım da arenaya gəlmişdilər. Bakıda ilk dəfə döyüşürdüm. Sevinirəm ki, buradakı debüt yarışımı medalla başa vurdum. Buna görə çox xoşbəxtəm”.

Yarış zamanı azərbaycanlı karateçilərlə üz-üzə gəlməyən 24 yaşlı idmançı ən çətin döyüşünü Gürcüstan təmsilçisinə qarşı keçirdiyini diqqətə çatdırıb: “Bu dəfə döyüşdə azərbaycanlılarla qarşılaşmadım. Baxmayaraq ki, öz çəki dərəcəmdə Asiman Qurbanlıdan başqa, Murad Hacızadə də vardı. Son vaxtlar Asimanla tez-tez döyüşürdük, bir dəfə mən, bir dəfə o, qalib gəlirdi. Bu dəfə bir-birimizə rəqib olmadıq. Qrupda Gürcüstan və Hindistandan olan rəqiblərlə qarşılaşdım. Daha sonra Misir karateçisi Taha Mahmuda yarımfinalda uduzdum. Finalda isə türkiyəli idmançıya qalib gələrək, bürünc medal qazandım. Ən çətin döyüşüm Qoqita Arkaniyaya qarşı oldu”.

Talıbov onu da bildirib ki, karatenin ən ağır çəki kateqoriyasında artıq Asiman Qurbanlı və özü ən güclülərdən sayılır: “Mənim üçün sevindiricidir ki, bu çəkidə artıq 2 azərbaycanlı güclülərdən sayılır. Bakıdakı yarışda isə medal kürsüsünə 3 azərbaycanlı çıxdı. Asiman qızıl, mən və Murad bürünc medal qazandıq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki