image-n1karobka_ads
image-123
image-1751618422489131922_1200x630backend

Xankəndi – Bərpa olunan şəhərdən beynəlxalq əməkdaşlıq mərkəzinə

Azərbaycanın strateji şəhərlərindən biri olan Xankəndi bu gün genişmiqyaslı bərpa və quruculuq proseslərinin mərkəzində yer alır. Xankəndidə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin edən əsas amillərdən biridir. Bu sistemli fəaliyyət Xankəndinin gələcək inkişafı üçün möhkəm təməl yaradır.

Artıq Xankəndi təkcə mühüm yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal regional dialoq məkanına çevrilir. Burada keçirilən yüksəksəviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərin regional əhəmiyyətini və iqtisadi potensialını bir daha ön plana çıxarır.

Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün məhz Azərbaycanda, Xankəndidə keçirilməsi və təşkilata üzv ölkələrin rəhbər şəxslərinin iştirakı ilə reallaşması olduqca rəmzi xarakter daşıyır. Zirvə görüşündə regionun gələcəyinə dair aparılacaq müzakirələr Azərbaycanın açıq əməkdaşlığa, davamlı inkişafa və qarşılıqlı tərəfdaşlığa əsaslanan mövqeyinin daha bir əyani təzahürüdür.

Qarabağ bölgəsində aparılan ardıcıl və planlı bərpa-quruculuq tədbirləri çərçivəsində Xankəndi də iqtisadi fəallığın artdığı əhəmiyyətli mərkəzlərdən birinə çevrilməkdədir. Burada biznes və sahibkarlıq mühitinin dirçəldilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşması dövlətin təşviq etdiyi prioritetlər sırasındadır. Xüsusilə də dövlət qurumları ilə özəl sektor arasında qurulan etibarlı tərəfdaşlıq modeli şəhərin uzunmüddətli iqtisadi inkişafını təmin edəcək əsas mexanizmlərdən biri hesab olunur.

Eyni zamanda, Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir. Bu strateji yanaşma əhali üçün təhlükəsiz, rahat və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

Bütün bu proseslər göstərir ki, Xankəndi təkcə bərpa olunan şəhər deyil, eyni zamanda, ölkənin gələcək inkişaf modelinin parlaq nümunəsidir. Burada həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit həm yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır, həm də regionda sabitlik və tərəqqiyə xidmət edən mühüm addımların atıldığını nümayiş etdirir.

Qarşıdakı illərdə də bu torpaqlarda həyata keçiriləcək hər bir təşəbbüs Azərbaycanın güclü iradəsini, quruculuq əzmini və gələcəyə olan inamını əks etdirməyə davam edəcək.

Mənbə: AZƏRTAC

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki