image-2000x150px
image-123
image-ads_atlas
image-w_1617183521722377933588_1200x630backend

32 ildən sonra Füzuli şəhərində son zəng çalınıb

image-728x90px

İşğaldan azad olunan ərazilərdə bu il daha bir tarixi gün qeyd olunur. İllərdir xarabalığa çevrilən yurd yerlərimizdəki sahibsiz qalan təhsil ocaqları indi yenidən inşa olunub və şagirdlərinə qucaq açıb. Bu il isə həmin təhsil ocaqlarında məzunlar üçün son zəng sədaları eşidilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də son zəng çalınıb. 465 nəfərin təhsil aldığı məktəbin 8 məzunu var.

Son zəng günündə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivi və Füzuli şəhər sakinləri iştirak ediblər.

Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Sonra məzunların bayraq yürüşü ilə tədbirə start verilib.

Çıxış edənlər məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu parlaq Qələbə ilə torpaqlarımızı işğaldan azad edib. İşğaldan azad olunan digər rayonlarımız kimi, Qarabağın dilbər guşələrindən olan Füzuli torpaqlarında da ölkə rəhbərinin diqqət və qayğısı sayəsində həyat canlanmağa başlayıb. Vurğulanıb ki, həyatın canlandığı Füzulidə təhsil ocaqlarının sayı daha da çoxalacaq.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın açılışını etdikləri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Türk dünyasının qardaşlıq rəmzlərindən biri sayılır.

Çıxışlardan sonra məktəblilərin ifasında musiqilər səsləndirilib, milli geyimdə olan şagirdlərin rəqs nümunələri izlənilib. Məzunlar da öz növbəsində rəqs çıxışları ilə tədbirə rəng qatıblar.

Daha sonra son zəng səsləndirilib, məktəbin rəmzi açarı digər sinif şagirdlərinə təhvil verilib. Son zəng günü bayramında tədbir iştirakçıları yallı rəqsinə qoşulublar.

Füzuli şəhərində sonuncu dəfə 1992-ci ildə son zəng günü qeyd edilib və həmin ildə 1975-ci il təvəllüdlü 60-a yaxın şagird son məzun olub. 1993-cü ildə Füzuli rayonunun ərazisi erməni hərbi birləşmələri tərəfindən mütəmadi olaraq atəşə tutulduğu və işğala məruz qaldığı üçün həmin il rayonda son zəng qeyd edilməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki