İyulun 6-da Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbulun ikinci cəhd imtahanı keçirilir.
Doğru.az xəbər verir ki, imtahan Bakı da daxil olmaqla, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahan saat 10:00-da başlayıb. Saat 09:45-dən sonra gələn abituriyentlər binaya buraxılmayıb. İştirakçıların rahat daxil olması üçün buraxılış vərəqəsində fərdi gəlmə vaxtları göstərilib və həmin vaxtda binada olmaları tövsiyə olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədlərlə qatılıblar:
İmtahana buraxılış vərəqəsi
Şəxsiyyəti təsdiq edən sənədin əsli
Şəkli olmayan sənədlə gələnlər üçün təhsil müəssisəsindən verilmiş fotoşəkilli və möhürlü arayış
İmtahanlar üçün 168 bina və 3078 imtahan zalı ayrılıb. Prosesə 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı və 168 bina nümayəndəsi cəlb olunub.
Ümumilikdə 41.484 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur – II ixtisas qrupu üzrə 18.014, III ixtisas qrupu üzrə isə 23.470 nəfər.
Doğru.az bildirir ki, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edir. Onlar üçün xüsusi zallar ayrılıb, fərdi nəzarətçilər təyin olunub və hərəkət imkanları üçün zəruri şərait yaradılıb.
DOĞRU.AZ