ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.
Doğru.az xəbər verir ki, bu barədə C-SPAN telekanalı məlumat yayıb.
Yayımlanan görüntülərə görə, zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.
“Axios” portalının müxbiri Barak Ravid “X” sosial şəbəkəsində bildirib ki, tədbirdən qısa müddət əvvəl zalda silah səsləri eşidilib.
Daha sonra atışmanın tədbirin keçirildiyi hotelin foyesində baş verdiyi bildirilib. Keytlin Kollins CNN-in efirində bildirib ki, silahlı şəxs zərərsizləşdirilib.
Bu arada, Ağ Evin Mətbuat xidmətinin əməkdaşları ABŞ Məxfi Xidmətinə istinadən hücumçunun tutulduğunu bildiriblər. Bu baxımdan onun taleyi ilə bağlı məlumatlar ziddiyyətli olaraq qalır.
DOĞRU.AZ

























