ABŞ Maliyyə Nazirliyi Lukoil International GmbH şirkətinin satışı ilə bağlı LUKOIL və onun törəmə müəssisələri ilə aparılan əməliyyatlara icazə verən lisenziyanın müddətini uzadıb.
Doğru.az xəbər verir ki, nazirliyin sənədinə əsasən, bu qərar Lukoil International GmbH və əlaqəli hüquqi şəxslərin alqı-satqısı və ya təhvil prosesində LUKOIL Oil Company və onun tabeliyində olan strukturlarla danışıqlar aparılması, müqavilələrin bağlanması və zəruri əməliyyatların həyata keçirilməsinə imkan yaradır.
Uzatılmış lisenziya 17 yanvar 2026-cı il, Bakı vaxtı ilə 12:01-ə qədər qüvvədə olacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi LUKOIL-in Rusiyadan kənarda yanacaqdoldurma məntəqələrinin saxlanması və ləğvi ilə bağlı zəruri əməliyyatlara da icazə vermişdi.
Bununla yanaşı, İraq Neft Nazirliyi LUKOIL-in sanksiyalar səbəbindən Qərbi Qurna-2 layihəsindən çıxmaq niyyətini açıqlamasından sonra ABŞ neft şirkətlərini həmin yatağın işlənməsinə dəvət edib.
DOĞRU.AZ




























