Almaniya kansleri Fridrix Merts ölkənin ciddi şəkildə modernləşdirilməsinə və bərpasına ehtiyac olduğunu bildirib. O, bu fikirləri Münhendə keçirilən partiya qurultayında çıxışı zamanı səsləndirib.
Doğru.az xəbər verir ki, kansler dövlətin təməlinin sabit olduğunu qeyd etsə də, mövcud sistemin yenilənməsinin vacibliyini vurğulayıb.
“Dövlətin təməli sabitdir. Lakin onu sıfırdan modernləşdirmək və yeniləmək lazımdır”, – deyə Merts bildirib.
Onun sözlərinə görə, Almaniyada artıq “ideologiya dövrü” başa çatıb və ölkə bundan sonra öz milli maraqlarını qətiyyətlə müdafiə etməyi öyrənməlidir.
Fridrix Merts çıxışı zamanı təhlükəsizlik məsələlərinə də toxunaraq bildirib ki, ordunun şəxsi heyətinin sayını qısa müddətdə artırmaq mümkün olmazsa, yaxın gələcəkdə məcburi hərbi xidmətin bərpası məsələsinin müzakirəsi gündəmə gələ bilər.
Qeyd edək ki, Almaniya kansleri daha əvvəl də könüllülərin çatışmazlığı yaranacağı təqdirdə orduda məcburi hərbi xidmətin bərpasını istisna etmədiyini açıqlamışdı.
DOĞRU.AZ




























