Ədliyyə Nazirliyinin müvafiq idarəsi Azərbaycanın Qiymətləndiricilər Cəmiyyəti (AQC) üçün yeni idarə heyətini dövlət qeydiyyatına alıb. AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, rəsmi çıxarış bu gün Cəmiyyətə təqdim edilib.
Doğru.az xəbər verir ki, qeydiyyatın tamamlanması ilə AQC-nin idarəetmə strukturu qanunvericiliyə uyğun şəkildə rəsmiləşib. Bu addım Cəmiyyətin fəaliyyətinin daha sistemli qurulmasına, idarəetmədə şəffaflığın və davamlılığın təmin olunmasına imkan yaradıb.
Yeni idarə heyəti qiymətləndirmə sahəsində peşəkarlığın artırılması, üzvlərin maraqlarının qorunması, sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək. AQC həmçinin dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Xatırladaq ki, AQC 1998-ci ildə təsis olunub və ölkəmizin ilk assosiativ ictimai birliklərindən biridir. Qurum qiymətləndirmə sahəsində yüzlərlə sertifikasiya imtahanı və çoxsaylı meqa layihələr həyata keçirib. 2022-ci ildən quruma rəhbərlik edən Vüqar Oruc eyni zamanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidentidir.
DOĞRU.AZ




























