image-2000x150px
image-123
image-ads_atlas
image-17194846904244952147_1200x630-1backend

Aqrar Sığorta Fondu ağac və kolları da risklərdən sığortalayır

image-728x90px

Son günlər respublikanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, güclü külək və yağış, fırtına-qasırğadan zərər çəkən sahələrdən biri də meyvə bağlarıdır.

Aqrar Sığorta Fondundan Doğru.az-a verilən məlumata görə, bəzi bölgələrdə güclü külək nəticəsində ağaclar zədələnib, qırılıb və bağlara ciddi ziyan dəyib.

Xatırladaq ki, son illər meyvələr Azərbaycanın əsas ixrac məhsulundan birinə, meyvə bağçılığı isə ciddi biznes sahəsinə çevrilib. Hazırda ölkədə hər il yüzlərlə hektar ənənəvi, intensiv və superintensiv bağlar salınır, bu sahəyə böyük vəsaitlər yatırılır.

Hava şəraiti və digər hadisələr isə meyvə bağlarına zərər verməklə məhsul itkisi ilə yanaşı, bu yatırımların da itirilməsinə səbəb ola bilər. Belə ki, bağlara zərər dəyəndə meyvə məhsulu ilə yanaşı, bəzən meyvə ağacları da məhv olur. Bununla da fermerlər nəinki cari ilin, növbəti illərin də məhsulunu itirmiş olurlar. Belə vəziyyətdə fermerlər və bağ sahibləri Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığortadan faydalana bilərlər. Aqrar sığorta vasitəsilə meyvə bağlarında məhsulla yanaşı, ayrıca olaraq ağac və kolları da çoxsaylı risklərdən sığortalamaq mümkündür. Bu sığortaya əsasən dolu, qasırğa, fırtına, sel-subasma, normadan artıq yağan qar, 3-cü şəxslərin hərəkəti nəticəsində ağac və kolların məhv olması zamanı fermerə dəyən zərər qarşılanır. Fermerə ağacdan əldə edilən 3 illik məhsulun məbləği qədər sığorta təminatı verilir.

Ağac və kolların sığortası üzrə sığorta tarifi 0,83 faiz təşkil edir, üstəlik sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənildiyini də nəzərə alanda, fermerlər bağdakı ağacları cüzi məbləğ ödəməklə sığorta edə bilərlər. Məsələn, 1 ağac 20 kiloqram meyvə gətirirsə və 1 kiloqram meyvənin bazar qiyməti təxminən 3 manatdırsa, ağacın illik məhsulunun dəyəri 60 manat, 3 illik məhsulun dəyəri isə 180 manat təşkil edir. Sığorta tarifinin 0,83 faiz olduğunu nəzərə alanda, misalda göstərilən ağac üzrə sığorta haqqı 1,5 manat təşkil edir. Fermer bu məbləğin yarısını, yəni 0,75 manat ödəməklə ağacı sığorta edə bilər. Hadisə nəticəsində ağac məhv olduqda isə 10 faizlik azadolma məbləği nəzərə alınmaqla fermerə dəyən zərərin 90 faizi həcmində ödəniş edilir.

Ağac və kolları bütün il boyu sığortalamaq olar, sığorta tarifləri isə bütün ölkə ərazisində eynidir. Əkin sahələrinə zərər dəydikdə fermerlər 10 gün ərzində Aqrar Sığorta Fondunun 1651 “Çağrı mərkəzi”nə və ya bölgələrdəki filiallarına müraciət etməlidir.

Aqrar sığorta, ayrı-ayrı məhsullarının sığorta qaydaları və şərtlər barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən əldə etmək olar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki