24 fevral 2026-cı il tarixində AzerGold QSC-nin təşəbbüsü və Aqrar Xidmətlər Agentliyi-nin (AXA) dəstəyi ilə həyata keçirilən “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekunlarına dair görüş keçirilib.
Doğru.az xəbər verir ki, tədbirdə qurum rəhbərləri, rayon icra hakimiyyətlərinin nümayəndələri, yerli icma üzvləri və fermerlər iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq əldə olunan nəticələri diqqətə çatdırıblar.
Bildirilib ki, heyvan, bitki, torpaq və su nümunələri üzrə aparılan laborator analizlərin nəticələrinə əsasən şirkətin hasilat və istehsalat fəaliyyətinin təbiətə, torpağa və məhsuldarlığa mənfi təsiri qeydə alınmayıb. Aqrokimyəvi analizlər su mənbələrinin suvarma üçün yararlı olduğunu göstərib, heyvan sağlamlığı üzrə müayinələrdə isə təhlükəli xəstəlik aşkarlanmayıb.
Bitki mühafizəsi istiqamətində 213 fermer təsərrüfatında monitorinqlər aparılıb, zərərvericilərlə bağlı fermerlərə fərdi tövsiyələr verilib. Bundan əlavə, təşkil olunan 37 təlim vasitəsilə iştirakçıların aqrar sahədə bilik və bacarıqları artırılıb.
Qeyd edək ki, ötən ildən icrasına başlanılan layihə Daşkəsən rayonunun Şadax, Bayan, Quşçu, Çovdar və Çaykənd, Göygöl rayonunun isə Tüllallar və Zurnabad kəndlərini əhatə edib. Layihənin əsas məqsədi heyvandarlıq və bitkiçilikdə məhsuldarlığın artırılması, aqrar fəaliyyətin ekoloji tələblərə uyğun təşkili və yerli təsərrüfatlara elmi əsaslı dəstək göstərilməsidir.
DOĞRU.AZ


























