Respublikanın iri taxılçılıq rayonlarından olan Şəkidə 2026-cı ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini tamamlanıb.
Doğru.az xəbər verir ki, torpaq mülkiyyətçiləri 18 min 650 hektar sahəyə buğda, 41 min 152,2 hektara arpa əkib. Səpin plan üzrə həyata keçirilib.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev bildirib ki, kampaniya dövründə sahələrə 11 min tondan çox toxum səpilib, onlardan 6,1 min ton sertifikatlıdır. Səpinlə yanaşı sahələrə 6 min 100 ton şumaltı gübrə verilib. İşlərə 381 şum traktoru, 245 kotan, 120 toxumsəpən aqreqat və digər texnika cəlb olunub.
“Hazırda taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır. İndiyədək 8 min 450 hektar sahədə səpsuvar həyata keçirilib”, – deyə sektor müdiri əlavə edib. O qeyd edib ki, taxılçılığın inkişafı üçün fermerlərə dəmyə sahələrə hər hektara 200 manat, suvarılan sahələrə isə 230 manat əkin subsidiyası veriləcək.
Ötən il Şəkidə 59 min 939,1 hektar sahədə məhsul biçilib, 171 min 262,3 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 28,6 sentner olub və əvvəlki ilə nisbətən istehsal təxminən 20 min ton artıb.
DOĞRU.AZ




























