Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli yanvarın 16-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında bu rayondan olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Doğru.az“-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin edilmə, subsidiya ödənişləri, torpağın aqrokimyəvi analizi, tingçilik, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra Azad Cəfərli DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Azad Cəfərli Xaçmaz rayonunun Canaxır kəndində fermer Fərman Ağayevə məxsus 5 hektar intensiv şaftalı və 3 hektar intensiv gilas bağına baxış keçirib, bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, intensiv bağçılığın genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb.
DOĞRU.AZ





























