Aprel ayı yenicə “bismillah” edib, amma satışa çiyələk çıxarılıb. Çiyələyin yetişmə vaxtı may-iyun aylarıdır. Ən tezi aprelin sonunda. Çünki çiyələk sərin havalarda əkilir. Martda əkilən çiyələk apreldə çiçəkləyir, mayda məhsul verməyə başlayır. Məlumdur ki, istixanalarda müxtəlif meyvə və giləmeyvə sortları yetişdirilir. Elə bir dövrdə gəlib çıxmışıq ki, qışın oğlan çağında qarpız da satılır. Və bu da məlumdur ki, istixana şəraitində yetişdirilən məhsullar kimyəvi dərmanlamaya məruz qalır, məhsulun tez yetişməsi və görkəmli olması üçün də müxtəlif kimyəvi vasitələrdən istifadə edilir. Bunlar isə insan orqanizmi üçün zərərlidir. Yerli məhsullardan savayı ölkəyə idxal edilən meyvələr də var. Məsələn, çiyələk Türkiyədən, ABŞ-dən də idxal edilir. Hazırda satışa çıxarılan çiyələklər ölçüsünə görə fərqlənir. Çox iri, ənənəvi formasından fərqli görünən, qiyməti isə 8 manat olan çiyələkləri alıb istehlak etmək doğrudurmu?
Pediatr Vaqif Qarayev mövsümdən kənar çiyələklərin yeyilməsini, xüsusən də uşaqlara verilməsinin qətiyyən məsləhət görmədi. Həkim qeyd etdi ki, süni üsullarla yetişdirilən hansı meyvə olursa-olsun ziyanlıdır:
– Çiyələk vitaminlərlə zəngindir. Amma hansı çiyələk? Təbii yolla yetişibsə. Uşaqlara indi çiyələk vermək olmaz. Çiyələk mövsümü deyil hələ. Tez yetişsin, bazara çıxarılsın deyə çoxlu gübrə verilir, zərərvericilərə qarşı kimyəvi maddələr vurulur, bu da meyvənin üzərində qalır. Gərək ciddi şəkildə yuyulsun ki üzərindəki zərərli maddələr yuyulub getsin. Amma görürük ki, ana küçədə satılan çiyələk alır, elə oradaca verir uşağa yesin. Bu, qətiyyən olmaz. Bütün meyvələr cidd-cəhdlə yuyulmalıdır, heç bir halda yuyulmamış meyvə yeyilməməlidir. İndi satışa çıxarılan çiyəlıklər xeyirdən çox zərər verəcək. Uşaqlarda allergik reaksiyalara səbəb ola bilər. Ümumiyyətlə, çiyələk həm özü həssas giləmeyvədir, həm də hər orqanizm tərəfindən də qəbul edilmir. Allergik meyvə sayılır. Ona görə də ehtiyatlı olmaq lazımdır.
Qida məsələləri üzrə ekspert Ağa Salamov da bu fikirdədir ki, hər meyvə öz mövsümündə yeyilməlidir:
– Çiyələk pestisid qalığı riski ən yüksək olan meyvələrdən biridir – nazik qabığı kimyəvi maddələrin meyvənin içinə asanlıqla nüfuz etməsinə şərait yaradır. Tez məhsul almaq üçün bəzi fermerlər dərman və gübrəni normadan artıq istifadə edirlər, bu da məhsulda qalıq şəklində qalaraq insanlarda mədə-bağırsaq pozğunluğu və zəhərlənməyə gətirib çıxara bilər. Yəni, mövsümündən əvvəl yetişdirilən çiyələk və bostan məhsullarında nitratların və digər kimyəvi maddələrin normadan artıq olması riski var. Mövsümdən əvvəl süni vasitələrlə yetişdirilib baha satılan meyvələr təhlükəlidir. Bir halda ki hətta yay aylarında təbii yetişən meyvələrdə belə bəzən nitrat miqdarı normadan 2-3 dəfə çox olur, mövsümündən əvvəl yetişdirilən meyvələrdə təsəvvür edin ki zərərli maddə qalıqları nə qədərdir. Bu cür məhsullar orqanizmə daxil olaraq qida zəhərlənməsi riski yaradır.
Məlahət Rzayeva
DOĞRU.AZ


























